iokio.az - rəqəmsal hədiyyə kartı platforması
Qaydalar və Şərtlər

“iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasından istifadə etdiyiniz üçün Sizə təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk.

Hazırkı qaydalar və şərtlər (bundan sonra “Qaydalar” adlandırılır) Ticarət Obyekti (satıcı) və Sifarişçilər (alıcı) arasında qarşılıqlı əlaqə, məlumat mübadiləsi və hədiyyə kartlarından istifadə üçün “Kibrit.Tech” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra: “Şirkət”) tərəfindən texniki həllər yolu ilə təmin edilən “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasından istifadə qaydalarını özündə əks etdirir.

“iokio.az” saytında seçdiyiniz Ticarət Obyektinə məxsus məhsulların alınması məqsədilə müəyyən olunmuş məbləğdə ödənişi Ticarət Obyektinə etməklə Siz bu Qaydaları və “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasından istifadəni qəbul edir və təsdiqləyirsiniz.

Bu Qaydalar müstəsna olaraq Şirkət və Sifarişçi arasında münasibətləri tənzimləyir və hədiyyə kartlarından istifadənin texniki həlləri ilə bağlı yaranan qüsurlar istisna olmaqla, Ticarət Obyekti ilə Sifarişçi arasında yaranan istənilən mübahisələr və hədiyyə kartlarından istifadə prosesi (məhsulların alışı, geri qaytarılması və s.) və onun nəticələri (məhsulların qüsurlu olması, məhsulların dəyişdirilməsi və s.) ilə bağlı məsələlərə görə Şirkət məsuliyyət daşımır.

Bu Qaydaların məqsədləri üçün “Ticarət Obyekti” dedikdə, barəsində sərəncam vermək hüququ olduğu məhsulu (mal, iş və xidmət) satmaq niyyəti ilə Şirkətlə texniki əməkdaşlıq haqqında müqavilə bağlamış və əvəzi ödənilmiş hədiyyə kartları əsasında məhsullarını Sifarişçiyə təqdim edən (satan) sahibkarlıq subyekti başa düşülür.

Bu Qaydaların məqsədləri üçün “Sifarişçi” dedikdə, özünün və ya öz istəyinə görə müəyyən etdiyi digər şəxsin məhsula (mal, iş və xidmət) olan ehtiyacını qarşılamaq niyyəti ilə “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasında müvafiq hədiyyə kartına dair qeyd edilən şərtlərin (məbləğ, göndərilmə tarixi və s.) tələblərini icra etmiş şəxslər başa düşülür. Şərtlər elektron platformanın hər bir hədiyyə kartına aid hissəsində öz əksini tapır.

Bu Qaydaların məqsədləri üçün “Xidmətlər” dedikdə, Şirkət tərəfindən Ticarət Obyektinə müvafiq müqavilə əsasında göstərilən, hədiyyə kartının texniki həllər vasitəsilə yaradılması ilə başlayan, hədiyyə kartının Sifarişçi tərəfindən alınması və Ticarət Obyektinə ötürülməsi ilə davam edən, yekunda Ticarət Obyektindən məhsulların alınması üçün istifadə edilməsi ilə sona çatan hərəkətlərin məcmusu başa düşülür.

Bu Qaydaların məqsədləri üçün “hədiyyə kartları” dedikdə, “iokio.az” elektron platformasının müvafiq hissəsində şərtləri əks etdirilmiş, Sifarişçinin elektron sorğusu və Ticarət Obyektinə ödəniş edilməsi ilə əldə edilmiş, Sifarişçinin özünün və ya üçüncü şəxslərin istifadə etdiyi rəqəmsal mexanizm başa düşülür. Hədiyyə kartları ödəniş aləti deyildir və ona görə ödənilən pullar məhsulun alınması üçün avans şəklində Ticarət Obyektinin hesabına mədaxil edilir.

Siz (bundan sonra: “Sifarişçi”) “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasından istifadə etməklə aşağıdakıları dərk edir, qəbul edir və şərtsiz razılaşırsınız:

  • 1. Ticarət Obyekti tərəfindən hədiyyə kartları vasitəsilə məhsulların satışı hədiyyə kartının istifadə edildiyi an üçün müvafiq satış qiymətinə uyğun, dəyərinin əvvəlcədən ödənilməsi hədiyyə kartı ilə təsdiq edilən, hədiyyə kartının təqdim edilməsi qarşılığında Ticarət Obyekti tərəfindən məhsulun birbaşa Sifarişçiyə və ya onun hədiyyə kartı barədə məlumatları ötürdüyü üçüncü şəxsə təqdim edilməsi üsulu ilə həyata keçirilir. Şirkət hədiyyə kartlarından texniki həllər yolu ilə istifadənin Ticarət Obyekti və Sifarişçi üçün operativ qaydada həyata keçirilməsinə çalışır və onu təmin edir.
  • 2. Sifarişçi və Ticarət Obyekti tərəfindən qarşılıqlı surətdə icra edilən (icra edilməyən) hərəkətlərin və hadisələrin nəticələrinə görə hər bir halda Sifarişçi və Ticarət Obyekti qarşılıqlı surətdə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Ticarət Obyekti və Sifarişçi (üçüncü şəxs) arasında məhsul (mal, iş, xidmət) barədə müvafiq müqavilənin (şifahi və ya yazılı) bağlanmasına, onun şərtlərinə, bağlanmasından tərəflərdən birinin təşəbbüsü və ya təqsiri ucbatından imtina edilməsinə, istehlakçı hüquqlarından irəli gələn mübahisələrin həll edilməsinə görə Şirkət məsuliyyət daşımır.
  • 3. Hədiyyə kartlarından istifadə edilməsi üsulu ilə Sifarişçi və Ticarət Obyekti arasında məhsulların satışı və satışı ilə bağlı olmayan digər məsələlər və mübahisələr üzrə istehlakçı hüquqlarının təmin edilməsinə görə Ticarət Obyekti məsuliyyət daşıyır.
  • 4. Hədiyyə kartının istifadə müddəti müvafiq Ticarət Obyekti tərəfindən müəyyən edilir və “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasında hədiyyə kartı üçün ayrılmış müvafiq hissədə və hədiyyə kartında elektron formada öz əksini tapır.
  • 5. Hədiyyə kartının istifadə müddətinin bitməsinə ən geci 7 (yeddi) gün qalmış Şirkət Sifarişçini müvafiq qaydada məlumatlandırır.
  • 6. Sifarişçi hədiyyə kartından istifadə müddəti ərzində istifadə etmədikdə, hədiyyə kartı qüvvədən düşmüş hesab edilir.
  • 7. Sifarişçi ödəniş edildiyi tarixdən 14 (on dörd) gün ərzində və hədiyyə kartı istifadə edilmədiyi halda hədiyyə kartını ləğv etmək üçün müraciət edə və ödənişi geri ala bilər. Hədiyyə kartının ləğv edilməsinə görə Şirkət və ödənişin geri qaytarılmasına görə Ticarət obyekti məsuliyyət daşıyır. Ödəniş ən geci 7 (yeddi) iş günü ərzində geri qaytarılır.
  • 8. Sifarişçi tərəfindən Şirkətə təqdim edilmiş məlumatlara görə Sifarişçi özü məsuliyyət daşıyır. Səhv, qeyri-dəqiq və ya qeyri-qanuni məlumatların verilməsinə, hədiyyə kartı üçün Sifarişçinin yüklədiyi şəklə görə Şirkət məsuliyyət daşımır.
  • 9. Sifarişçi Qaydaları təsdiq etməklə razılıq verir ki, Şirkət ona və ya məlumatlarını təqdim etdiyi digər şəxslərə xəbərlər, xüsusi təkliflər və yeniliklər barədə məlumatlar göndərə bilər, eləcə də onun özünə (Sifarişçiyə) aid olan məlumatları Ticarət Obyektinə ötürə bilər.
  • 10. Şirkət Ticarət Obyektinə aid olmayan proqram təminatı, şəkillər, yazılar, qrafiklər, görüntülər, loqolar, əmtəə nişanları, müəlliflik hüquqları, foto-şəkillər, videolar, musiqilər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün Xidmətlər və onların nəticələri üzərində müstəsna və tam mülkiyyət hüququna malikdir. Burada əksi göstərilmədikcə, aşağıdakıları etmək və ya başqasının etməsinə icazə vermək olmaz: (a) Şirkətin hər hansı Xidmət(lər)i və ya məhsulunu yenidən hazırlamaq/göstərmək və ya onlardan törəmə məhsul və ya xidmətlər yaratmaq; (b) Şirkətin hər hansı Xidmət(lər)i və ya məhsulunu satmaq, icarəyə vermək, təkrar icarəyə vermək, paylamaq və ya digər hər hansı üsulla kommersiya məqsədləri üçün istifadə etmək; və ya (c) Şirkətin hər hansı Xidmət(lər)inə və ya məhsuluna texnoloji və ya təhlükəsizlik baxımından xələl gətirmək. Bu Qaydalarda mövcud olan heç bir müddəa Sifarişçiyə Şirkətdə öz əksini tapmış əmtəə nişanından istifadəyə lisenziya və ya hüquq verilməsi kimi başa düşülə bilməz.
  • 11. Şirkət və Sifarişçi qəbul edir və razılaşırlar ki, tərəflər fors-major halların baş verməsi nəticəsində Qaydalar üzrə öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət daşımırlar. Fors-major hallara irimiqyaslı təbii fəlakətlər, müharibə, silahlı münaqişələr, dövlət orqanlarının və tərəflərin öhdəliklərini yerinə yetirməsinə mane olan digər şəxslərin qərarları və s. aiddir. Fors-major hal 2 (iki) gündən çox davam etdiyi halda, fors-major halın təsirinə məruz qalmış tərəf digər tərəfə məlumat verir.
  • 12. Qaydalar Azərbaycan Respublikasının qanunlarına əsasən təfsir edilir və tənzimlənir. Şirkət ilə Sifarişçi arasında yaranmış mübahisələr ilk öncə Şirkətə internet səhifəsində göstərilmiş əlaqə vasitələri ilə yazılı şəkildə və ya telefon vasitəsilə məlumat vermək yolu ilə danışıqlar vasitəsilə həll edilir. Mübahisə danışıqlar yolu ilə həll edilə bilmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vasitələrlə həll edilə bilər.
  • 13. Sifarişçi Şirkətə təqdim etdiyi fərdi məlumatların istifadəçi bazası kimi Şirkət tərəfindən istifadə edilməsinə razılığını bildirir. Bu şərt Sifarişçinin razılığı ilə 5 (beş) il ərzində qüvvədədir. Bu müddət bitdikdən sonra fərdi məlumatlar qanunvericiliyə uyğun olaraq məhv edilir və ya arxivləşdirilir.
  • 14. Sifarişçi qəbul edir ki, bu Qaydalar onun hüquq və öhdəliklərini əks etdirir. Sifarişçi qəbul edir ki, bu Qaydalarla razı olmadığı halda, “iokio.az - rəqəmsal hədiyyə kartı” elektron platformasının yaratdığı imkanlardan istifadə etməyəcəkdir. Şirkət bu Qaydaları vaxtaşırı dəyişə və yeniləyə bilər və internet səhifəsində hər zaman Qaydaların ən son versiyası yerləşdirilir, lakin Sifarişçi üçün hədiyyə kartı üzrə ödənişin edildiyi tarixdə qüvvədə olan mətn hüquqi qüvvə kəsb edir.